11.06.2019

"Narkomaniyaya yox deyək"

Rayonun şəhər 1 nömrəli tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Rayon Polis Şöbəsi, Rayon Təhsil Şöbəsi, Gənclər İdman İdarəsinin birgə əməkdaşlığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə bildirib ki, ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki, XXI  əsrdə də problemlər sırasında qalmaqdadır. Belə halların ümumtəhsil məktəb şagirdləri arasında baş verməməsi üçün Rayon Təhsil Şöbəsi mütəmadi olaraq aidiyyəti qurumlarla birgə təhsil müəssisələrində maarifləndirici tədbirlər həyata keçirir. Və bu tədbirlərin nəticəsi olaraq ümumtəhsil müəssisələri üzrə şagirdlər arasında belə fakt aşkarlanmamışdır. Bu hal bizi çox sevindirir. Belə tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yardımlı bölgəsi üzrə nümayəndəsi Elvin Hüseynli tədbirdə çıxış edərək göstərib ki, gənclər daha çox bizim milli adət ənənələrimizə sadiq qalmalı, pis vərdişlərdən uzaq olmalı, sağlamlığını qorumalıdır. İdmanla məşğul olmaq, islami dəyərləri sevmək, ona əməl etmək bizim müqəddəs borclarımızdandır.

Tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi Arif Babayev qeyd edib ki, gənclərimiz vətənpərvər ruhda böyüməli, qanunlarımızı bilməli, öz hüquqlarını müdafiə etməyi bacarmalıdır. Dövlətimizə sağlam ruhda böyüyən, vətənpərvər gənclər gərəkdir. Hər bir gənc öz dövlətini sevməli, onu qorumağı bacarmalıdır.

Tədbirin sonunda narkomaniyanın fəsadlarını əks etdirən videoçarx nümayiş etdirilib.


Açar sözlər: ,  ,