22.08.2019

Məzunlarla görüş keçirilib

Rayon İcra Hakimiyyəti ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrlə görüş keçirib.Görüşdə ümumtəhsil məktəblərində çalışan qabaqcıl müəllimlər, məktəb rəhbərləri, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə 2018-2019-cu dərs ilinin yekunları və uğurlar barədə söz açıb,  məzunlara xoş arzularını bildirib. Tədbirdə çıxış edən Alçabulaq kənd tam orta məktəbin müəllimi, əməkdar müəllim Heybət Qədirov, Qabaqdibi kənd tam orta məktəbin müəllimi Mahirə Abışova, Köryədi kənd tam orta məktəbin direktoru Mehralı Mustafayev və digərləri məzunları təbrik edib, ölkə başçısının təhsilə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib.

Şəhər 2 nömrəli tam orta məktəbin məzunu, qəbul imtahanlarında 584 balla Azərbaycan Dillər Universitetinə qəbul olmuş Gülnar Abayeva, Alçabulaq kənd tam orta məktəbin məzunu 564 balla Azərbaycan Dövlət İqtisadiyyat Universitetinə qəbul olmuş İqbal Babazadə çıxış edərək əldə etdikləri nailiyyətə görə müəllimlərinə təşəkkürlərini bildirib.

Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov məzunları təbrik edərək onlara müstəqil həyatda uğurlar arzulayıb, gələcəkdə dövlətimiz üçün layiqli vətəndaşlar olmağı tövsiyə edib.

Sonda məzunlar Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olunub


Açar sözlər: ,  ,