03.10.2019

Tədrisin keyfiyyəti artırılır

            Azərbaycan Respublikası Təhsil Nzirliyinin 2019-2020-ci tədris ilinin prioritet fəaliyyət istiqamətlərinə dair 30 avqust 2019-cu il tarixli F-531 nömrəli əmrinin yerinə yetirilməsi ilə bağlı Rayon Təhsil Şöbəsində tədbirlər planı təsdiq edilmiş, müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi nəzərdə tutulmuşdur.

            Tədbirlər planına əsasən sentyabr ayının əvvəlində RTŞ yanında geniş şura yığıncağı keçirilmiş, əmrin mahiyyəti barədə məktəb rəhbərlərinə məlumat verilmiş, gözlənilən nəticələr diqqətə çatdırılmış, qarşıda duran həlli vacib məsələlər müəyyənləşdirilmişdir.

            2018-2019-cu dərs ilinin yekunları müzakirə edilmiş, nöqsan və çatışmazlıqların yeni dərs ilində aradan qaldırılması istiqamətində təklif və tövsiyələr dinlənilmişdir. Buraxılış imtahanlarında şagirdləri zəif nəticə göstərən məktəblərin rəhbərləri və fənn müəllimlərinin məsuliyyəti artırılmış, təhsilin keyfiyyətinin, xüsusilə buraxılış sinifləri üzrə imtahan nəticələrinin yaxşılaşdırılması ilə əlaqədar ilboyu görüləcək işlər barədə ümumtəhsil müəssisələrinin tədbirlər planı hazırlanmışdır.

            Rayonun ümumtəhsil məktəblərində müvafiq əmrin icarsı ilə əlaqədar tədbirlər həyata keçirilir. Şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılması istiqamətində yeni təlim metodlarının tətbiqi, İKT-nin imkanlarından geniş istifadə, şagirdlərin tədqiqatçılıq bacarıqlarının formalaşdırılması pedaqoji kollektivlərin qarşısında əsas vəzifə kimi qoyulub. İstedadlı şagirdlərin aşkara çıxarılması və onların potensailının inkişaf etdirilməsi istiqamətində RTŞ-də komissiya yaradılıb.