18.02.2020

"Xocalı faciəsi"nin 28-ci ildönümünə həsr edilmiş açıq dərslər

Rayonun Heydər Əliyev Mərkəzində “Xocalı faciəsi”nin 28-ci ildönümünə həsr edilmiş açıq dərs təşkil edilib. Öncə şagirdlər Xocalı faciəsinə həsr edilmiş guşənin önünə çiçəklər düzüb, bir dəqiqəlik sükutla soyqırım qurbanlarının xatirəsi anılıb. Horavar kənd tam orta məktəbin müəllimi Sərxan Musayev XX əsrin ən dəhşətli faciəsi kimi tarixə düşən Xocalı faciəsi barədə məlumat verərək bildirib ki, günahsız insanların başına gətirilən bu soyqırım xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Ermənilər Azərbaycan xalqına qarşı zaman-zaman soyqırımlar törədiblər. S.Musayev göstərib ki, Xocalı şəhərinin yerlə yeksan edilməsi dünyada misli görünməmiş qətliamdır. Xalqımıza qarşı törədilən bu qətliamın dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri var. Xocalı faciəsinə hüquqi və siyasi qiymətin verilməsi məhz Heydər Əliyevin apardığı düzgün siyasətin nəticəsində baş tutub.

Şagirdlərin diqqətinə çatdırılıb ki, son illər Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyada geniş vüsət almış “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyasında Azərbaycanda və xaricdə fəaliyyət göstərən çoxsaylı vətəndaş cəmiyyəti institutları da qoşulub.

Dərs zamanı şagirdlərin Xocalı faciəsinə aid sualları cavablandırılıb, faciəyə həsr edilmiş film nümayiş etdirilib. Sonra şagirdlərin ifasında şeirlər səsləndirilib.

 

 


Açar sözlər: ,  ,